6 Eylül 2014 Cumartesi

Azerbaycan 6 - Yalquzaq (Canavar Ovu)

Onun da qisməti budu;
Azadlığın tənhalığı.

Ramiz Rövşen'in yalquzaq (yalnız kurt/canavar) üzerine yazdığı destanın bir kısmı Şemistan Elizamanlı tarafından söylenmiş.


Sebat edip eseri sonuna kadar okumak lazım. Sözleri şöyle:

Meşələrdən üzü bəri
     nə yüyürür bu yalquzaq?
Görən kimi deyib gəlir?
     Səndən uzaq!..
           Məndən uzaq!..

Göyə üz tutub ulayır,
Ay qorxudan çıxa bilmir.
Ulduzlar diksinir göydə,
Gözlərinə baxa bilmir.

Onu kim saxlar yolundan?
Yerin göyün yiyəsidi.
Dəstəyi Allah əlində
Bir bıçağın tiyəsidi.

Nə yarı var, nə yoldaşı,
Görən-görən uzaq qaçır.
Dünyanın bəyi-bayquşu
Bir tənha yalquzaq qaçır.

Hara qaçır?
                Kimdən qaçır?
Ayaq açan gündən qaçır.
Nə dini var, nə məzhəbi,
Hər məzhəbdən, dindən qaçır.

Sürü-sürü canavarlar
Dolaşır dərəni-dağı.
Onun da qisməti budu;
Azadlığın tənhalığı.

...Darıxma təklik əlindən,
     ulama, ulu yalquzaq!
Özü öz azadlığınınəsiri,
     qulu yalquzaq.

Yoluna göz dikib indi
     bəlkə yüz tüfəng lüləsi.
Ölüm sənin sevgilindi,
     sən ölümün sevgilisi.

Sən həm ovsan, həm də ovçu,
     düşmüsən öz izinə.
Sevə-sevə öldürməkçin
     yar gəzirsən özünə.

Bu dünyada hansı sevgi
     vəfalıdı ölümdən?
Öldürdüyün səninkidi,
     kimsə almaz əindən.

Öldürdüyün səninkidi,
     elə sən də onunsan.
Bu dünyada
     ölənəcən neyləsən də, onunsan.

İndən belə arxayın gəz,
     at dünyanın qəmini.
Qorxma, heç kəs poza bilməz
     ölüm kəsən kəbini.

Bir tüfəngin lüləsində
     gizlənən quşdu ölüm.
Bir də gördün, qanadlanıb
     üstünə uçdu ölüm.

Gəldi, qondu, yuva qurdu
     ürəyinin içində.
Qanın süzüldü, qurudu
     dimdiyinin ucunda.

Göydə uçan quşlara bax,
     hərəsi öz kefində.
Kefində ol, səni Allah
     sağ saxladı bu gün də.

Başında ölüm havası
     yaşamaq xoşdu, sevin.
Sinəndəki quş yuvası
     hələ ki, boşdu, sevin.

Hələ ki, Allah göydədi,
     bir quşun qanadında.
Sən Allahın yadındasan,
     Allah sənin yadında.

Allah kimi təksən, sevin,
     tənhasan Allah kimi.
Səni alıb-satan olmaz,
     bahasan Allah kimi.

Ümidin yox dar ayaqda
     bir Allah bəndəsinə.
Üz tutub get
     lap uzaqdan gələn bayquş səsinə.

Səs ver o bayquşun səsinə sən də,
     sən də səs ver o yazığa, sevinsin
O da yalquzaqdı quşlar içində,
     özü kimi yalquzağa sevinsin.

Eləcə, ulayın ağız-ağıza,
     Allah səsinizi eşitdi bəlkə.
Sizə göy üzündən mələk donunda
     bir dost da, sirdaş da düşürtdü bəlkə.

Bəlkə özü düşdü, ay işığında
     sizə dost olmağa, sirdaş olmağa.
O tənha bayquşa “bacımsan” deyib,
     tənha yalquzağa qardaş olmağa.

Bir də qayıtmadı bu göy üzünə,
     yer üzü Allaha xoş gəldi bəlkə.
Allahsız ovçular düşdü izinə,
     ovçu gülləsinə tuş gəldi bəlkə.

...Sus, ulu yalquzaq, ulama bəsdi,
     bəsdi, çək gözünü bu göydən daha.
Yaxşı ki, bir bulud aranı kəsdi,
     yaxşı ki, çatmadı səsin Allaha...

     Amma o yalquzağın səsi göydə Allaha çatmasa da, yerdə bəndələrinə çatmışdı.
     Bütün kənd bir-birinə dəymişdi.Bu səhər o yalquzağın qorxusundan nə qoyun-quzunu otlağa buraxmışdılar, nə uşaqları məktəbə buraxmışdılar. Uşaqlar kefdəydi, amma qoyun-quzu acından mələşirdi.
     Əjdər kişigilin həyətindəki ağappaq quzu da susmaq bilmirdi.
     Ötən qış oğlu naxoşlayanda, Əjdər kişi bu quzunu üç qızdan sonra tapdığı on üç yaşlı o uşağa qurban demişdi, boynuna da bir qırmızı lent bağlayıb əhd eləmişdi ki, uşaq sağalan kimi bu quzunu kəsib qonum-qonşuya paylasın. Amma sağalandan sonra, uşaq heç kəsi o quzuya yaxın buraxmadı. Özü otardı, özü suvardı. Evdə qənd qalmırdı, hamısını o quzuya yedizdirirdi.
     Bu gün də, o ac quzuya quru-quru neçə qənd yedizdirmişdisə, yazıq heyvan indi acından yox, susuzluğundan mələyirdi. Tərs kimi, evdə içməli su da yox idi. Həyətin o başında, çəpərin qırağıyla axan arxın bulanıq suyunusa bu uşaq ömründə o quzuya içirtməzdi. Odur ki, yavaşca çəpərin qapısını açıb quzunu həyətdən çıxartdı.
     Əjdər kişigilin evi kəndin ayağında, çayın qırağındaydı. Amma bu uşaq o çayın suyunu da bu quzuya layiq bilmirdi.
     Aşağıda dumduru bir bulaq vardı. Getdilər, o bulağın suyundan əvvəlcə quzu içdi, sonra uşaq özü içdi və başını qaldıranda uşağı titrətmə tutdu.
     Canavar onların beşcə addımlığında dayanmışdı, baxırdı.

Ay Allah bəndəsi, nə qorxacaqsan,
Qorxudan titrəmə, gözümə dik bax.
Sən –
     on üç yaşında dəcəl uşaqsan,
Mən – on üç yaşında qoca yalquzaq.

Bir gündə göz açdıq dünyaya bəlkə,
Göz açıb dünyanı nə gündə gördük?
Düşdü üstümüzə
                              bir sirli kölgə,
Allahı başımız üstündə gördük.

Onun kölgəsindənecə yaşadıq?
Üz tutub Allahdan soruşaq, desin.
Ay Allah bəndəsi, biz ki yaşıdıq,
Niyə mən qocayam, sən uşaq?..
                                                Desin.

Bir tale, bir bəxt var hərədən ötrü,
Bəxtin də oyanan, yatan vaxtı var.
Yoxsa ayrı vaxt var hərədən ötrü;
Canvar vaxtı var,adam vaxtı var?!

Göydən damla-damla yağan yağışmı?
Buluddan vaxt damır –
                               yaxşı bax göyə.
Niyə quşun vaxtı quş kimi uçmur,
Qarğalar üç yüz il yaşayır –
                                            niyə?!

Bu çay da haçandı axır beləcə,
Ayları, illəri axıdır, axır.
Bu tayı gündüzdü, o tayı gecə,
Ortada bir uzun yuxudu, yuxu.

Biz də yuxudayıq bəlkə, ay uşaq,
Ayılsaq, görmərik bir-birimizi.
Mən ki, sənə dəyib-toxunmamışam,
Görən hardan gəlir
                                bu qan iyisi?!

Qorxma, sil burnundan açılan qanı,
Mən alan deyiləm canını, qorxma.
Dünyanın o gözəl, dadlı heyvanı
Gör necə kəsdirib yanını, qorxma.

Bir dön böyründəki o quzuya bax,
Baxışı bir ürkək qız baxışıdı.
Onsuz da, böyüyüb qoyun olacaq,
Elə quzu vaxtı ölsə yaxşıdı.

Ağlama, ay uşaq, tox tut özünü,
Pozma nahaq yerə kefini, kiri.
Dünya yaranandan
                          qurdla quzunun
Bir yerdə kəsilib kəbini, kiri.

Tanrı hər quzuya bir qurd göndərib,
Hər qurda bir quzu, –
                             haqq-hesab budu.
Bu cığal dünyada min ildən bəri
Bəlkə də, ən düzgün haqq-hesab budu.

Tanrı mənə yazıb
                            bu quzunu da,
Bəs səni qorxudan nədi, ay uşaq?
Sənin qorxun basıb
                              bu quzunu da,
Qorxudan qaçacaq dadı, ay uşaq.

Səni kişilikdən salar bu qorxu,
Ay kişi qırığı, axı yazıqsan.
Hələ qabaqdadı ömrünün çoxu,
Yeri get, dərsini oxu, yazıqsan.

Sən də belə qorxma ölümdən, quzu,
İnan dünyagörmüş bu yalquzağa.
Canın qurtaracaq zülümdən, quzu,
Bıçaq görməyəcək boğazın daha.

Onsuz da, hamıya bir can verilib,
Canı verən kimdi?
                             Canı alan kim?!
Sənin ölüm hökmün çoxdan verilib;
Boynuna qırmızı lent bağlanan gün.

Bilirəm, o evdə əzizlənirsən,
Hamı sevə-sevə aldadır səni.
Sənə öz ovcundan
                         qənd yedizdirən
Bu dəcəl uşaqdı cəlladın sənin.

Səni bu uşağa qurban deyiblər,
Mələ!.. vaxtın daha tamamdı, quzu.
Bu gün bu uşağın yolunda əgər
Qanın axacaqsa –
                                halaldı, quzu.

Amma nə qəşəngsən, ay canıyanmış,
Heç sənə baxmaqdan doymaq da olmur.
Həm ağzım, həm də ki, gözüm sulanmış,
Neyləyim, heç sənə qıymaq da olmur.

Sənə baxa-baxa içim yumşalır,
Elə bil ağzımda dişim yumşalır.
Qorxuram –
                  büsbütün yumşalam belə;
Heç yeyə bilməyəm indi mən səni.
Qorxuram –
                   buraxam əlimdən səni,
Bu gecə sübhəcən ac qalam belə.

…Nə oldu, ay uşaq, güldü sifətin?
Sən də sevindinmi, ay gözəl quzu?
Yox!.. Çətin ac qallam mən bu gün –çətin,
Yeri get, ay uşaq!
                              Bəri gəl, quzu!..

     Amma o quzunun addım atmağa heyi nə gəzirdi?
     O yazığı bu uşaqdan da betər titrətmə tutmuşdu, bir topa ağ bulud kimi durduğu yerdəcə yırğalanırdı. Birdən o ağ buludun üstündə elə bil ildırım çaxdı, canavar atılıb o quzunu boğazlayanda uşaq yerindən qopdu, ağlaya-ağlaya evlərinə sarı götürüldü:
     - Vay dədə!.. Vay dədəəə!..
     Bayaq bu uşaq o quzunu həyətdən çıxaranda evdə heç kim xəbər tutmamışdı. Amma indi onun hönkürtüsünə evdəkilərin hamısı bayıra tökülüşdü. Və uşaq barmağıyla gözünün yaşını silib, elə həmin barmağını da aşağıya, bulağa sarı tuşladı:
     - Canavar quzunu…
     Amma sözünü bitirə bilmədi, yenə ağlamağa başladı.
     Əjdər kişi tez girdi evə, divardan asdığı qoşalülə tüfəngini götürdü, cumdu bulağa sarı.
     Bulağın yan-yörəsindəki daşların üstündə qan ləkəsi vardı. Quzunun boynundakı lent də qopub yerə düşmüşdü. O qırmızı lent Əjdər kişinin balaca qızının idi. O lenti görəndə Əjdər kişi yaman pərt oldu; elə bil canavar quzunu yox, onun doğma qızını qaçırtmışdı.
     Əjdər kişi üzünü uzaqda görünən meşəyə sarı tutub var səsiylə qışqırdı:
     - Oğğraaşş!..
     Amma ürəyi bununla soyumadı, çaxmağı çəkib qoşalülənin iki gülləsini də göyə boşaltdı.
     O yalquzaq qaça-qaça meşəyə çataçatdaydı. Güllə səsini eşidib dayandı. Dişlərini aralayıb quzunun boğazını buraxdı; quzu şappıltıyla yerə düşdü. O yalquzaq bir ayağını ölü quzunun üstünə qoyub başını arxaya çevirdi və uzun-uzadı uladı:
     - Uuuuu!..
     Əjdər kişi uzaqdan-uzağa o yalquzağın səsini eşitdi.O səsdə bir qəribə hədə vardı; Əjdər kişinin özünə də, tüfənginə, gülləsinə də…
     Və Əjdər kişi başa düşdü ki, o yalquzaq bu tərəflərə bir də gələcək. Mütləq gələcək!Evə qayıdan kimi tüfəngi doldurub divardan asdı və arxayınca yerinə girib yatdı…

Arxayın yat –
          tüfəng durub yerində,
Tüfəngə arxayın olub
          yatır bu ev-eşik də.

Tüfəng yaman vəfalıdı –
          itdən, atdan vəfalı.
Çox evladdan vəfalı,
          çox arvaddan vəfalı.

Allahdan qorxmayan kafir
          bu tüfəngdən qorxmazmi?
Koroğlunu yıxan tüfəng
          canavarı yıxmazmı?

Yıxar!.. Yıxar!..
          bu isti yay gecəsində
                             rahat yat,
          bu tüfəngin kölgəsində
                             rahat yat.

Ulduzlarla dolub indi
          yerin-göyün arası,
Yatır o tox yalquzaq da
          gecənin bu anında,
Çıxır çıxır canındaki
          yorğunluğu, ağrısı,
Amma bütün hirsi, kini
          canındadı, canında.

Hanı sənin
Hirsin, kinin?
          bu tüfəngin içində.
Bu tüfəngin içindədi
          sənin bütün gücün də.

Səcdə qıl bu tüfəngə sən,
Uca tut onu din kimi.
Bu tüfəngin içindəsən
Çıraq içində cin kimi.

Bu tüfəngin içindəsən;
Uyuyursan xısın-xısın.
Lüləsi –
            gözündən iti,
Gülləsi –
            qolundan uzun.

Səni sevən –
            sevsin onu,
Bəndən də artıq istəsin.
Balaların “can” deyib
Bu tüfəngi əzizləsin.

Nə olsun ki, canı yoxdur,
Quru dəmirdi, taxtadı.
Onu ana doğmasa da,
Körpə kimi qundaqdadı.

Bəlkə böyüyəcək hələ,
     yüz oyundan çıxacaq.
Qundağı –
     kök atıb batacaq yerə,
Lüləsi –
     boy atıb damdan çıxacaq.
Ötüb bütün ağacları,
Qalxacaq göyə sarı.

Uşaq kimi dırmaşıb bu yaşında
          o tüfəngin başından
                         baxacaqsan
Yaxını –uzağı
                       gözdən keçirib
Sən o yalquzağı axtaracaqsan.
Və birdən
     lap aşağıda,
          bu tüfəngin dibində
               ulayacaq o yalquzaq,
Diksinizb az qala qıxılacaqsan.

Gör necə ulayır
              bu qurd oğlu qurd,
Deyəsən yenə də acıb ulayır.
Bir dərin dərə kimi
              ağzını açıb ulayır.

O dərənin dibində
              bəs o cür ağaran nədi?
Səni mələyə-mələyə
              köməyə çağıran nədi?

Fikir vermə -
     mələdikcə qoy mələsin o quzu.
Səni aldadır eləcə
     həzin-həzin o quzu.

İlan dili çıxartsa da,
     inanma, yalandı daha.
Bu qurd da, o quzu da,
     ikisi də bir candı daha.

Yıxılsan, elə bilmə ki,
     qurd özü udacaq səni.
Yox, bu qurdun qarnındakı
     o quzu udacaq səni...

     Gecə yarısı Əjdər kişi diksinib oyandı.
     Yuxuda nə görmüşdüsə qarnına sancı dolmuşdu. Ayaqyolu həyətin o başında, arxın qırağındaydı. Gündə azı üç dəfə getdiyi o yolu qaranlıqda yuxulu-yuxulu addımladı. Aftafa boş idi. Götürdü. Elə əyilib arxın suyundan doldurmaq istəyirdi ki, yerində quruyub qaldı.
     Arxın o tərəfindəki yastı çəpərin arxasından ona qaranlıqda işım-işım işıldayan bir cüt göz zillənmişdi.
     Əjdər kişi aftafadakı suyun axıb şalvarının balağından damcıladığını hiss elədi. Amma aftafanı deyəsən axı hələ doldurmamışdı.
     Tfu!..
     Yaxşı ki, bu biyabırçılığı qaranlıqda görən yox idi. Necə yəni yox idi? Bəs ona zillənən o bir cüt göz nə idi?!
     Əjdər kişi əlindəki aftafanın lüləyini o bir cüt gözün düz ortasına tuşlayıb:
     -Rədd ol!... – dedi.
     Və qəflətən qulağına o qaranlıqdan bir qəribə gülüş səsi gəldi. Əgər canavar deyilən məxluq gülməyi bacarırdısa, heç şübhəsiz ki, bu canavar gülüşüydü.
     Sonra o bir cüt göz qaranlıqda necə peyda olmuşdusa, eləcə də yoxa çıxdı. Ancaq o gülüş səsi hələ də bir xeylək Əjdər kişinin qulağından çəkilmədi.
     Ayaqyoluna dəydi, çıxdı, getdi evə sarı, amma qapını açıb içəri girmədi. Elə qapının böyründə, divarın dibindəcə çömbəlib oturdu, kürəyini divara söykəyib fikrə getdi; doğrudanmı, indicə qaranlıqda işıldayıb onu qorxudan bir cüt canavar gözləriydi? Yoxsa onu qara basırdı? Doğrusunu bir Allah bilir, amma şalvarının balağı hələ də nəm idi, qurumamışdı...
     Eləcə fikirləşə-fikirləşə Əjdər kişini yuxu apardı. Və səhər hava işıqlananda onu yuxudan bayırda qopan səs-küy oyatdı.
     İtlər hürüşdü, adamlar çığırışdı:-Kəndə canavar girib, canavar!.. Qoymayın, qaçdı!..Yolunu kəsin, vurun, öldürün!..
     Sonra bir-iki güllə səsi eşidildi.
     Və Əjdər kişi güllə kimi yerindən atıldı, evə cumub tüfəngini götürdü, qaça-qaça küçəyə çıxıb o canavarı qovan adamlara qoşuldu.
     O adamlardan da qabaqda hürə-hürə itlər yüyürürdü.
     Amma Əjdər kişi ha boylandısa, o canavarın özünü görə bilmədi....
     Əslində, o canavar özü də bu dəqiqə heç onu qovanları görmürdü. Kəndin içiynən arxasına baxmadan qaçırdı və arxadan onu qovan adamların söyüşünü, onu qovan itlərin hürüşünü eşidirdi...

Qovur, qovur səni bu it sürüsü,
Bu qorxaq itlər
                     inigid sürüsü.
Ağızları
            köpüklənə- köpüklənə,
Bir-birinə güvənib
            ürəklənə ürəklənə
                    qovur səni bu itlər.

Qaçırsan, dişini sıxıb dişinə,
hara dönsən –
                  yolu kəsir it səsi.
Qarışır it hürüşünə
                  güllə səsi, fit səsi.

Dəyib bir-birinə evlər, həyətlər
     bu nə qovhaqovdu, nə vurhavurdu?
Gör necə qudurub it oğlu itlər,
     qovur küçə-küçə qurd oğlu qurdu.

Ölüncə qab dibi yalayanların
     sən bir hirsinə bax, hikkəsinə bax.
Qapılarda quyruq bulayanların
     qabağından qaçmaq zülümdü, Allah!

Bəs niyə qaçırsan?!
                            Ayaq saxla sən,
Yeri bu həyasız sürünün üstə.
Yüz itdən birini
                        qorxuda bilsən,
Yüz qorxu gələcək
                            birinin üstə.

Qorxudan qorxu doğacaq,
     qorxu küçükləyəcək.
Zəhmin basan bu itlərin
     çoxu küçükləyəcək.

Bu kəndin hər döngəsinə,
     dalanına dolacaq,
Səni qovan adamların
     canına dolacaq
                   o qara qorxu;
Gözlərinin giləsi
     böyüyəcək qorxudan,
Tüfənglərin lüləsi
     əyiləcək qorxudan –
             güllələr yan keçəcək.
Hamı, hamı o qorxudan keçəcək.

...Bu kəndi bürüyən nədi?
     sənin qorxundu, qorxun!
Arxanca yüyürən nədi?
     sənin qorxundu, qorxun.

Səni qovan öz qorxundu,
     arxanca düşüb gəlir.
Yüz-yüz gözdə, ürəkdə
     böyüyüb, şişib gəlir.

O qorxunun qabağında
     sən balaca balasan.
O qorxudan can qurtarıb
     axı hara qaçasan?!

Axı harda gizlənəsən,
     hansı kolun dalında?
Yarpaqları tir-tir əsir
     səni görən kolun da.

Sən qaçdıqca –
     ayağının altdan qaçır
              daşlar qorxu içində.
Səni görüb –
     hürküb uçur
              quşlar qorxu içində.

O qorxudan qaçıb bəlkə
     bu gecənin rəngi də.
Bax, hava da işıqlanıb,
     çalır məktəb zəngi də.

Günəş qalxıb gör haracan,
     hər yan işıq içində.
Dörd bir tərəf ölüm saçan
     bir yaraşıq içində.

Ölüm saçır –
     çiçəklərin
              ətri də, qoxusu da.
Ölüm saçır –
     şırıltıyla
              çaydan axan o su da.

Gör bu kənddən səndən ötrü
     neçə tüfəng saxlanıb.
Güllələri sığallanıb,
     çaxmaqlar yağlanıb.

Xatalı bütün yollar;
     bağ yolu, bostan yolu,
Açıq qalan bircə yol var;
     o da, qəbridtan yolu.

Ora üz tut, ora yüyür,
     Üz tut qəbrə-gora, yüyür!..
...Ölümdən gizlənməyə,
Ölümü gözləməyə
     ordan yaxşı yer hanı?!..

     O yalquzaq yüyürə- yüyürə qəflətən səmtini dəyişib qəbristanlığa üz tutanda onu qovanlar çaşdılar. Bütün yolları kəsmişdilər, amma bu kənddə hamının gec-tez gedəcəyi bir qəbristanlıq yolu yadlarından çıxmışdı.
     Qəbristanlığı dörd tərəfdən hasara almışdılar. Ancaq darvazası açıq idi. O yalquzaq bir göz qırpıminda özünü darvazadan içəri atıb hasarın dalında gözdən itdi.
     Amma onu qovanlar darvazadan içəri keçmədilər. İtləri də qəbristanlığa buraxmadılar. Çünki o itlər bu adamlara lap canlarını qurban eləsəydilər də, yenə mundar idilər. Amma o yalquzaq bu adamların lap canını alsaydı da, yenə mundar deyildi.
     İtlər səs-səsə verib hürüşürdülər. Əli tüfəngli kişilər dirmaşıb hasarın üstdən içəri boylandılar; ancaq irili- xırdalı baş daşlarının arasında o yalquzaq gözə dəymirdi.
     O baş daşlarına neçə-neçə doğma, əziz adamın şəkli vurulmuşdu. Amma bu kişilər indi o şəkillərə heç gözlərinin ucu ucuynan da baxmırdılar. Bəlkə də, o şəkilləri görüb kövrəlməkdən, yumşalmaqdan, sayıqlığı itirib o yalquzağı əldən çıxartmaqdan qorxurdular.
     ...O yalquzaq bu qəbristandakı ən hündür baş daşının arxasında gizlənmişdi və gözlərini iri-iri açıb heyrətdən dörd tərəfə baxırdi...

Burda dörd tərəfim baş daşlarıdı,
     çaşdım o daşları görəndə, Allah.
Bu ətdən, sümükdən yaratdıqların
     yoxsa daşa dönür öləndə, Allah?

Diş kimi torpağa batıb bu daşlar,
     yoxsa diş çıxarıb bu torpaq belə?
Yoxsa bircə-bircə dadıb bu daşlar
     axırda hamını udacaq belə?

Mənə bu daşlardan neçə göz baxır,
     gör necə kinlidi baxışları da.
Elə bil indicə yerindən qopub
     üstümə cumacaq baş daşları da.

Hələ göz-göz olub hasarın üstdən
     içəri boylanan tüfənglərə bax,
Hələ hürə-hürə hasar dalında
     özünü dağıdan köpəklərə bax.

O qara tüfənglər, qara köpəklər
     gör necə susayıb qanıma, Allah.
Könlünə qurd əti düşüb itlərin,
     itlər tamah salıb canıma, Allah.

Yox, mənim canıma it dişi batmaz,
     o mundar itlərə yem olmaram mən.
Əcəlim bir itin ağzındadırsa,
     onda bu dünyada MƏN olmaram mən.

Yox, mənim qismətim güllədi, güllə, -
     indi bir quş kimi yatır yuvada.
İlahi, o quşu üstümə göndər
     atılıb tutaram onu havada.

Dimdiyi bağrımın başını yarsın,
Deşsin ürəyimi,
                          canımı alsın.
Qoy cumsun qanıma yerikləyənlər,
Qoy soysun dərimi, soysun-çıxarsın.

Qoy saman təpsinlər dərimə -
                                              saman.
Canımdakı hər ağrının, acının,
Hirsin, kinin, acığın yerinə -
                                              saman.
Parçalayıb yediyim hər qoyunun,
Içdiyim bulaq suyunun yerinə -
                                              saman.

Sonra ya bir evdə, ya bir sinifdə
     bir qurd heykəlitək qoysunlar məni.
Uşaqlar oynasın dörd bir tərəfdə,
     hərdən çırtma vurub döysünlər məni.

Hərdən sığal çəksin belimə qızlar,
     qızımın bir ilıq qız nəfəsinə.
Çıxmış gözlərimin yerinə qızlar
     bir cüt muncuq taxsın göz əvəzinə.

Baxsın dörd tərəfə
                               muncuq gözlərim,
Gecə də, gündüz də açıq gözlərim.
Baxsın –
         gözlərimdən heç nə qaçmasın,
Ən gizli sirləri bilim beləcə.
Ən fağır oğlanın, utancaq qızın
Xəlvət öpüşünü görüm beləcə.

Beləcə, dərs alım –
                              bir sevgi dərsi,
Unudum pisliyi, yamanlığı da.
Xış-xış xışıldasın, tel-tel cücərsin
İçimin qupquru samanlığı da.

Cücərsin –
              yamyaşıl çəmənə dönsün,
İçim başdan-başa çəmənə dönsün.

Otları upuzun, yupyumşaq çəmən –
     orda qurdla quzu gəzsin yanaşı.
Bütün sevənlərə o çəməndə mən
     yer verim –
                         hamısı gəzsin yanaşı.

Gəzin! Verdim sizə, verdim cənnəti!..
Yox, cənnət deyilsə -
                               bu çəmən nədi?..
...Qıraqda deyil ki qurdun cənnəti,
Qurdun cənnəti də
                               öz içindədi...

Mənim içimdədi cənnətim, Allah,
     tez ol, yetir məni o cənnətə sən.
Özün al canımı, bu sabah-sabah,
     özün ötür məni o cənnətə sən...

     O yalquzaq gizləndiyi baş daşının arxasından sıçrayıb çıxanda Əjdər kişinin gülləsi onu havada haxladı. Özü də, düz alnının ortasından dəyib bir göz qıröımında canını aldı. Sonra dörd tərəfdən atılan güllələr onun cansız bədənini deşik-deşik eləyib yerə mismarladı.
     O yalquzaq qəbristanlığın ortasında üzüqoylu düşüb qalmışdı.
     Amma heç kəs ona yaxınlaşmağa ürək eləmirdi.
     Əjdər kişi hamıdan ürəkli çıxdı, gəldi, üstdən aşağı o yalquzağın deşik-deşik olmuş bədəninə baxıb başını buladı:
     -Heyif!.. – dedi, -Dərisi zay oldu...
     Sonra ayağıyla vurub o yalquzağı arxası üstə çevirdi.
     O yalquzağın şüşə kimi donuq gözləri açıq idi. O ölü gözlər altdan yuxarı düz Əjdər kişinin üzünə baxırdı və o gözlərdə qəribə, kinayəli təbəssüm vardı.
     Əjdər kişi tez əyilib bir cüt barmağıyla o yalquzağın gözlərini qapadı. Sonra üzünü hələ də darvazanın ağzında durub içəri girməyə ürək eləməyən əli tüfəngli kişilərə tutdu:
     -Aparıb bunu basdırarsız. – dedi, - Özü də kənddən uzaqda basdırarsız... Çalasını da lap dərin qazın!..
     Və ağır-ağır yeriyib qəbristanlıqdan çıxdı, hələ də darvazanın ağzında hürüşən itlərin böyründən keçib evinə sarı getdi...

kaynak: https://www.facebook.com/notes/ramiz-rovsen/canavar-ovu-poema/302866923095918

Hiç yorum yok:

Yorum Gönder